Bakıda «Azərbaycana baxış» mövzusunda beynəlxalq forum
keçirilmişdir
İyunun 7-də Bakıda Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbi tələbələrinin iştirakı ilə "Azərbaycana baxış" mövzusunda beynəlxalq forum keçirilmişdir. Forumun məqsədi Azərbaycanın iqtisadi inkişafını, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan problemləri və digər məsələləri müzakirə etməkdir.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda panel iclasda çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunmuş, bir milyondan çox vətəndaşımız öz doğma yurdlarından didərgin düşmüşdür. Münaqişə nəticəsində mədəni-tarixi abidələr dağıdılmışdır. İşğal olunmuş torpaqların azad edilməsi və məcburi köçkünlərin öz evlərinə qaytarılmasını təmin etmək bizim əsas məqsədimizdir.
Araz Əzimov qeyd etmişdir ki, münaqişənin həll olunmaması bütünlükdə regionun inkişafı üçün ciddi maneələr yaradır, bu bölgədə təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Bildirilmişdir ki, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi və nüfuzlu beynəlxalq təşkilatların münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini dəstəkləyən sənədlər mövcuddur. Lakin təəssüf ki, Ermənistan hələ də bu sənədlərə məhəl qoymur və qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Xarici işlər nazirinin müavini diqqətə çatdırmışdır ki, münaqişənin davam etməsi Ermənistanın iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Bu gün Ermənistan əhalisinin böyük bir hissəsi, əsasən də gənclər ölkəni tərk etmişdir. Münaqişədən əvvəl Ermənistan əhalisinin sayı təxminən üç milyon nəfər idisə, hazırda bu rəqəm 1,2 milyona düşmüşdür. Azərbaycanda isə iqtisadi inkişaf tempi xeyli yüksəlmiş, bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail olunmuşdur. Azərbaycan ordusunun sürətlə inkişaf etdiyini və müdafiə imkanlarını artırdığını qeyd edən Araz Əzimov vurğulamışdır ki, bütün bunlar Azərbaycanın regionda lider və beynəlxalq arenada söz sahibi olduğunun bariz sübutudur.
Araz Əzimov Azərbaycanın tolerant ölkə olduğunu və müxtəlif dinlərə məxsus icmaların fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını demişdir. Bu faktlar Azərbaycanın sülhsevər və sabit ölkə olduğunu bir daha təsdiq edir.
Xarici işlər nazirinin müavini forum iştirakçılarına Azərbaycanın əldə etdiyi uğurlar, iqtisadi inkişaf göstəriciləri haqqında ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, bu gün ölkəmizdə irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, Azərbaycan enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə sahələrində bir çox ölkələrlə, o cümlədən ABŞ-la əməkdaşlıq edir. Ölkələrimizin beynəlxalq müstəvidə eyni mövqedən çıxış etməsi ikitərəfli münasibətlərin sürətli inkişafından xəbər verir.
"Gələcək Azərbaycan - strateji baxış" mövzusunda keçirilən panel iclasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, xaricdə təhsilin əhəmiyyətindən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından və bu sahədə görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet istiqamətlərdəndir. Azərbaycan digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirir və uzunmüddətli dövlət proqramları hazırlayır.
Mikayıl Cabbarov qeyd etmişdir ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasını nəzərdə tutan proqram çərçivəsində bu günədək çoxlu sayda azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilmişdir. Ümumilikdə təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, həm də güclü kadr potensialının formalaşmasında mühüm rol oynayır.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti və turizm sektorunun inkişafı ilə bağlı məlumat vermişdir. Qeyd edilmişdir ki, bu gün Azərbaycanın bütün bölgələrində turizm sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin turizm potensialı da xeyli artmışdır. Belə ki, paytaxtla yanaşı, respublikamızın bütün bölgələrində mədəniyyət ocaqları, turizm obyektləri, istirahət mərkəzləri tikilərək istifadəyə verilmişdir.
Nazim Səmədov diqqətə çatdırmışdır ki, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının hər zamankı kimi yüksək səviyyədə təşkili Azərbaycanın tolerant ölkə olduğunun bariz göstəricisidir. Azərbaycanda həyata keçirilən dövlət siyasəti, ictimai-siyasi vəziyyət ölkəmizin mütəmadi olaraq belə mötəbər tədbirlərə ev sahibliyi etməsinə imkan yaradır.
Azərbaycan-ABŞ münasibətlərindən danışan nazir müavini ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsinin gələcək əməkdaşlığın prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır.
Forumda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışmışdır. Qeyd edilmişdir ki, artan neft gəlirlərini ölkə iqtisadiyyatına düzgün istiqamətləndirmək məqsədilə neft strategiyası hazırlanmışdır. Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsas məqsədini ölkəmizin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarının Azərbaycan xalqının rifahı naminə səmərəli istifadəsi təşkil edir.
Şahmar Mövsümov 1999-cu ildə təsis olunan ARDNF-nin şəffaflığın təmin olunması baxımından çox yüksək səviyyədə inkişaf etdiyini və müasir standartlara cavab verən beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, qurum qısa zamanda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə etmişdir.
Sonda forum iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 8 iyun.- S.9.